Gələn il apreldə Azərbaycanda dünyanın ən böyük onlayn təhsil sistemlərindən biri olan Coursera təhsil platformasına 70 min nəfər cəlb edilməsi planlaşdırılır.
Bu barədə Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində 4SIM-in icraçı direktoru Fəriz Cəfərovun bəyanatına istinadən Report məlumat verir.
Onun sözlərinə görə, son 4 ay ərzində Azərbaycan vətəndaşları təxminən 63 min sertifikat əldə ediblər.
“Bu platforma bacarıqlardakı boşluqları qısa müddətdə aradan qaldırmağa kömək edir. Ümumiyyətlə, bu təşəbbüslər 4SIM-in strateji proqramlarının yalnız bir hissəsini təşkil edir. Rəqəmsal iqtisadiyyat strategiyası çərçivəsində 50-dən çox təşəbbüsün həyata keçirilməsi nəzərdə tutulur ki, bu da ÜDM-ə töhfə, şirkətlərin inkişafı, eləcə də ölkəyə beynəlxalq investisiyaların və istedadların cəlb edilməsi baxımından əlavə dəyər yaradacaq“, – deyə Cəfərov bildirib.






























