Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin Milli Təhsil naziri Yusuf Təkinlə görüşüb.
Bunu Report Nazirlər Kabinetinə istinadən bildirir.
Görüş zamanı iki ölkə arasında təhsil sahası da daxil olmaqla bütün sahələrdə strateji tərəfdaşlığın dinamik inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, növbəti tədris ilindən İstanbulda Azərbaycan məktəbi açılacaq.
Türkiyəli nazirin Qarabağ Universitetini, habelə Şuşa, Füzuli və Ağdam şəhərlərindəki məktəbləri ziyarət etməsi məmnunluqla vurğulanıb.
Tərəflər səfər çərçivəsində təhsil və peşə təhsili sahəsində əməkdaşlıq üzrə imzalanmış sənədlərin əhəmiyyətini qeyd ediblər.
Görüş zamanı təhsil, o cümlədən peşə təhsili sahəsində cari vəziyyət və perspektivlər, Türk-Azərbaycan Universitetinin fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.






























