ABŞ Ticarət Nazirliyi Rusiya, Çin, Hindistan, Türkiyə və digər ölkələrdən olan şirkətlər üçün ixrac məhdudiyyətləri tətbiq edəcəyini elan edib. Bu məhdudiyyətlər 16 sentyabrda qüvvəyə minəcək.
Caliber.Az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat verib.
Sənəd layihəsi ABŞ Federal Reyestrində dərc edilib. Burada qeyd olunur ki, məhdudiyyətlər 23 Çin şirkətinə, 3 Türkiyə şirkətinə, 2 BƏƏ şirkətinə, habelə Hindistan, İran, Sinqapur və Tayvan şirkətlərindən birinə tətbiq olunacaq.
ABŞ Ticarət Nazirliyi hesab edir ki, məhdudiyyətlər tətbiq olunan bütün strukturların fəaliyyəti ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına ziddir.
Nazirlik izah edir ki, həmin şirkətlər Rusiya hərbi-sənaye kompleksinin ehtiyacları üçün təchizat həyata keçirib, həmçinin ölkəyə ABŞ məhsullarını lazımi icazə olmadan ixrac ediblər.






























