Azərbaycan ordusunda xidmət edən psixoloqların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda “Psixoloji qiymətləndirmə prosedurları” mövzusunda təlim keçirilib.
Müdafiə Nazirliyindən Caliber.Az-a verilən məlumata görə, Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə keçirilən təlimdə orduya qəbul zamanı əsgərlərin psixoloji vəziyyətinin müəyyənləşdirilməsi metodları, habelə xidmət müddətində qarşılaşa biləcəkləri travmaların diaqnostikası və öyrənilməsi yolları ətraflı şəkildə müzakirə olunub.
Bundan əlavə, iştirakçılara Bolqarıstan ordusunun psixoloqları tərəfindən istifadə olunan mexanizmlər və praktiki metodlar haqqında məlumat verilib.
Hərbi xidmət müddətində əsgərlərin psixoloji uyğunluğunun qiymətləndirilməsinə həsr olunmuş təlim interaktiv formada keçirilib. İştirakçılar praktiki tapşırıqlar vasitəsilə əldə etdikləri bilikləri möhkəmləndiriblər.






























