Kreml hesab edir ki, Vladimir Putin və Donald Tramp arasındakı münasibətlərin xüsusi xarakteri onlara ən mürəkkəb mövzular, o cümlədən Ukrayna tənzimlənməsi üzrə birbaşa dialoq aparmağa imkan verir. Bununla belə, Moskva görür ki, ABŞ prezidentinin siyasəti əsasən onun ölkəsinin praktik iqtisadi maraqları ilə müəyyən edilir. Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Onun sözlərinə görə, liderlərin şəxsi əlaqələri bir-birinə əsas mesajları “çatdırmağa” imkan verir, bu da hər iki ölkənin mövqelərini anlamağa kömək edir. Eyni zamanda, ABŞ-ın Ukrayna ilə bağlı mövqeyinə şərh verərkən, Peskov qeyd etdi ki, hazırda Donald Tramp əsasən Ukrayna prezidentinin rəyinə söykənir. O əlavə etdi ki, Moskvanın Vaşinqtona öz qiymətləndirməsini çatdırmaq imkanları olacaq, xüsusilə də Rusiya XİN rəhbəri Sergey Lavrovun gələcək görüşləri zamanı.
İkitərəfli gündəlikdə əsas məsələlərdən biri Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (SHSAM) gələcəyi qalır. Peskov Putinin müqavilənin gələcəyi ilə bağlı təklifini Vaşinqtona “uzadılmış əl” kimi səciyyələndirdi. Lakin o vurğuladı ki, bu təşəbbüs və “yaxşı siyasi iradə” yalnız ABŞ tərəfindən əks konstruktiv mövqe olduğu təqdirdə qüvvədə qalacaq.
ABŞ liderinin yanaşmasını təhlil edərkən, Rusiya prezidentinin mətbuat katibi Trampa ölkəsinin iqtisadi maraqlarını təmin etmək niyyətini gizlətməyən bir biznesmen kimi təsvir etdi. “Ən sadəsi budur ki, bütün dünyaya daha baha qiymətə amerikan neftini və maye qazını aldırsın”, – Peskov Kreml baxışını belə izah etdi.






























