Gürcüstan xarici tibb tələbələrinin sayına görə dünyada liderlərdən biridir.
Caliber.Az Gürcüstan KİV-lərinə istinadən bildirir ki, bu barədə ÜST-ün hesabatında qeyd olunur.
Qeyd edilir ki, onları qeydiyyat şərtlərinin sadəliyi, qəbul zamanı demək olar ki, rəqabətin olmaması, təhsil haqqının nisbətən aşağı olması (il ərzində 6-10 min dollar), tələbə vizalarının alınmasının asanlığı və ölkədə yüksək təhlükəsizlik səviyyəsi cəlb edir.
Hesabata görə, Gürcüstanda bakalavr səviyyəsində tibbi təhsil ölkə iqtisadiyyatının mühüm sektoru olub, xarici tələbələr isə ölkəyə xarici valyuta axınının mühüm mənbələrindən biridir.
ÜST qeyd edir ki, Gürcüstanda 25 təhsil müəssisəsi ingilis dilində tibbi təhsil təqdim edir, Ermənistanda isə yalnız 8, Moldovada isə 1 belə müəssisə var.
2024-2025-ci tədris ilinin əvvəlində Gürcüstan universitetlərində 37,1 min xarici tələbə təhsil alır ki, bu da əvvəlki illə müqayisədə 20,9% çoxdur.
“Sakstat” məlumatlarına görə, xarici tələbələr Gürcüstanın ali təhsil müəssisələrində olan bütün tələbələrin 19,7%-ni təşkil edir.
Ən populyar istiqamət – səhiyyə və sosial müdafiədir, burada 18,1 min xarici tələbə təhsil alır.
31,4 min xarici tələbə magistratura proqramlarında, 5,6 min nəfər bakalavr proqramlarında, 18 nəfər isə peşə proqramlarında təhsil alır.
Gürcüstanda 63 ali təhsil müəssisəsi (44 özəl və 19 dövlət) fəaliyyət göstərir və onlarda 187,8 min tələbə təhsil alır.






























