Gizli kəşfiyyat məlumatları ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) minlərlə istifadəçiyə, o cümlədən özəl sektorun nümayəndələrinə və digər ölkələrin vətəndaşlarına açıq oldu. Kütləvi məlumat sızmasının səbəbi nazirliyin onlayn platformalarından birinin kodundakı kritik səhv olub.
Açıqlığa çıxan daxili sənədə görə, hadisə 2023-cü ildə baş verib. Mart-may ayları ərzində DTN Kəşfiyyat və Təhlil İdarəsinin platformasının istifadəçiləri haker hücumları, digər dövlətlərin dezinformasiya kampaniyaları barədə hesabatları, həmçinin ABŞ-ın özündə baş verən etiraz hərəkatları barədə məlumatları görə bilib.
Bu dövr ərzində məhdud məlumat bazasına qeyri-qanuni daxil olma 1 525 dəfə qeydə alınıb. Məlum olub ki, 518 dəfə məlumatları özəl şirkətlərin nümayəndələri, 46 dəfə isə xarici vətəndaşlar izləyib.
DTN-də hadisəni təsdiqləsələr də, səhvin tezliklə aradan qaldırıldığını bildiriblər. Onların sözlərinə görə, yoxlama zamanı nəzarət orqanları “əhəmiyyətli və ciddi təhlükəsizlik pozuntusu” olmadığı qənaətinə gəliblər.






























