Qırx iki nəfər Gürcüstanda narkotik cinayətlərdə ittiham olunaraq saxlanılıb.
Caliber.Az-a istinadən Gürcüstan KİV-ləri məlumat verirlər ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, saxlanılanların əksəriyyəti narkotik maddələrin satışı ilə məşğul olan şəxslərdir, bəziləri isə narkotiklərin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə saxlanılıblar.
Saxlanılanlar arasında həm Gürcüstan vətəndaşları, həm də xarici ölkə vətəndaşları var.
Hakim qərarı ilə həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində əldə edilən sübutlar, o cümlədən audio və video yazılar göstərir ki, saxlanılanların əksəriyyəti narkotik maddələrin satışı sxeminə cəlb olunublar.
Belə ki, cinayətkarlar narkotikləri müəyyən yerlərdə gizlədərək sonradan satmaq üçün internet tətbiqetmələrindən istifadə ediblər və bu barədə məlumatı narkotik almaq istəyənlərə yayıblar. Həmçinin müəyyən edilib ki, saxlanılanlar narkotikləri müxtəlif üsullarla satıblar.
Hüquq-mühafizə orqanları əməkdaşları qara bazarda satılması nəzərdə tutulan xüsusilə böyük miqdarda müxtəlif növ narkotik maddələr götürüblər.
Götürülən narkotiklər arasında heroin, kokain, alfa-PVP, buprenorfin, suboxon, metadon, ketamin, mefedron, MDMA, marixuana və digərləri var.
Təqsirləri sübuta yetirilsə, saxlanılanlara 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası təyin oluna bilər.






























